Главная

Регистрация

Вход
AVTO-AZ
Вторник, 07.05.2024, 07:41
Приветствую Вас Гость | RSS
Block title
Меню
Статистика
Счетчики посещений
Главная » 2011 » Январь » 26 » Mercedes-Benz C-Class: ikinci əl bazarında
14:42
Mercedes-Benz C-Class: ikinci əl bazarında

Yeni Mercedes-Benz C-Class avtomobilinə bütün dünyada böyük tələbat var. Almanların bu avtomobili, həqiqətən, uğurlu alınıb. Onun sələfi də pis deyildi. W203 kuzovlu C-Class ikinci bazarda ən populyar Mercedes-Benz modellərindəndir. Əlbəttə, kimsə deyə bilər ki, alıcıları bu avtomobilin zahiri görünüşü, idman üslubu və digər bu kimi keyfiyyətləri özünə cəlb edir.

Amma bu avtomobilin kapotunda üçguşəli ulduz əvəzinə, "Hyundai”, "Kia”, yaxud "Ford” emblemi olsaydı, alıcılar onu bu qədər sevərdilərmi? Çətin! Buna görə də etiraf etmək lazımdır ki, W203 kuzovlu C-Class avtomobilini alarkən avtomobil həvəskarı, ilk növbədə, imic və status əldə etmiş olur. Çoxları deyə bilər ki, bununla o, həm də etibarlı avtomobil əldə etmiş olur. Amma mexaniklər bu fikirlə mübahisə edə bilərlər. Təəssüf ki, 21-ci əsrin əvvəlində istehsal edilmiş Mercedes-Benz avtomobillərinin keyfiyyəti ötən əsrin 60-80-ci illərində istehsal edilənlərinki qədər yüksək səviyyədə deyil.

Yeni əsrin ilk illərində buraxılan avtomo-billərin kuzovunun boyası heç də keyfiyyətli alınmadı – zaman keçdikcə o, parlaqlığını itirir və hətta bəzi yerlərdə qopurdu. Bu hal dəmirə ziyan yetirməsə də, hər halda xoşagələn hal deyildi. Buna görə də 2004-cü ildə Mercedes-Benz avtomobillərin rənglənmə texnologiyasını dəyişdirdi, bundan sonra lak-boya örtüyü ilə bağlı hər hansı problem yaranmadı.

W203 kuzovlu C-Class avtomobilinin əsas problemi elektrik qurğularındadır. Problemlər avtomobilin istənilən yerində yarana bilər. Məsələn, bəzən yandırma açarları işləmir (onlar adi iti uclu açarlardan deyil). Problem təkcə açarda olsa dərd yarıdır, ola bilər ki, problem məlumatları oxuyan və avtomobilin yandırma sistemini idarə edən elektron blokda olsun. Yeri gəlmişkən, açar pis işləməyə başlayıbsa və ya sadəcə olaraq, onu itirmisinizsə, cəld yenisini sifariş edin, axı onun hazırlanması təxminən ay yarım vaxt aparır! W203 kuzovlu C-Class avtomobilinin digər zəif yeri elektron siqnalların işlənməsi və enerjinin paylanması funksiyasını yerinə yetirən SAM bloklarıdır (C-Class avtomobilində multipleks ötürücü naqillərindən istifadə olunub). Çox vaxt baqaj bölməsində yerləşən SAM problem yaradır. Avtomobil ustalarının sözlərinə görə, bəzən, sadəcə olaraq, akkumulyatorun sönməsi SAM bloklarını sıradan çıxara bilər.

W203 kuzovlu C-Class avtomobilinin kapotunun altında çoxlu güc aqreqatları quraşdırılıb ki, bu da asanlıqla adamı çaşdıra bilər. Əvvəlcə 4 silindrli benzin mühərriklərindən başlayaq. İlk vaxtlar onların həcmi 2,0 litr idi. C180 versiyalı avtomobil 129 at gücünə malik idi, C200 modifikasiyası isə 163 at gücündə kompressorlu mühərriklə təchiz olunurdu. 2002-ci ilin mayından Mercedes-Benz şirkəti C-Class avtomobillərinə 1,8 litr həcmli 4 silindrli mühərrik quraşdırmağa başladı. Bu mühərriklər kompressorla təchiz olunmuşdu. Bu səbəbdən C180 versiyasına quraşdırılan mühərrikin gücü artaraq 143 vahidə çatdı, C200 versiyasının gücü isə əvvəlki kimi qaldı (163 at gücü). Bunlardan başqa, birbaşa yanacaqçiləmə sistemli və kompressorlu 1,8 litr həcmli mühərriki olan C200 CGI versiyasına da rast gəlmək olar (170 at gücü). 2004-cü ildən C230K versiyası işıq üzü gördü, onun mühərriki də kompressorludur və 1,8 litr həcmə malikdir, amma bu mühərrik 192 at gücündədir.

İndi isə V6 mühərriki quraşdırılmış C-Class avtomobillərinə keçək. Bunlar C240 (2,6 litr, 170 at gücü), C320 (3,2 litr, 218 at gücü) və C32 AMG versiyalarıdır. Sonuncu versiya 3,2 litr həcmə və 354 at gücünə malik mühərriklə təchiz olunub. 2005-ci ildə modernləşdirilmiş avtomobillərə 6 silindrli mühərrik quraşdırmağa başladılar. Beləcə, C230 (2,5 litr, 204 at gücü), C280 (3,0 litr, 231 at gücü) və C350 (3,5 litr, 272 at gücü) versiyaları işıq üzü gördü. C32 AMG versiyasına gəldikdə, 2004-cü ildə onu C55 AMG əvəz etdi. Bu "azman” avtomobilə 5,5 litr həcmi olan 367 at gücündə V8 mühərriki quraşdırıldı.

Dizel mühərriklərinə gəlincə, burada da vəziyyət sadə deyil. C200 CDI versiyasına 2,1 litr həcmli mühərrik quraşdırılıb. İlk vaxtlar onun qüvvəsi 116 at gücü təşkil edirdi (102 at gücünə malik variantlar da vardı). 2003-cü ildən bu mühərrikin qüvvəsi 122 at gücünədək artırıldı. Bu mühərrikdən bir pillə yuxarıda C220 CDI versiyası gəlir (2,1 litr, 143 at gücü, 2004-cü ildən 150 at gücü). Növbəti yuxarı pillədə isə C270 CDI versiyası qərarlaşıb (2,6 litr, 170 at gücü). Daha güclü dizel versiyaları da var, məsələn, 2003-cü ilin əvvəlində peyda olmuş C30 CDI AMG (3,0 litr, 231 at gücü) və C320 CDI (3,0 litr, 224 at gücü).

Bu mühərriklərdən hansı daha yaxşıdır? Hər şeydən əvvəl onu deyək ki, C-Class avtomobillərinə heç vaxt pis mühərrik quraşdırılmayıb. Son Mercedes-Benz modellərinin etibarlılığı ilə bağlı mütəmadi olaraq tənqidlər səslənsə də, güc aqreqatları məsələsində bu avtomobillərdə problem olmayıb. Amma yəqin ki, mühərrikinin gücü 150-dən artıq olan modelləri almaq daha yaxşıdır, çünki zəif mühərriklər Mercedes-Benz kimi prestijli avtomobilə, doğrudan da, yaraşmır.

İkinci bazarda 4 silindrli benzin aqreqatları quraşdırılmış C-Class avtomobillərinə daha çox rast gəlmək olar, axı onlar 4 silindrli mühərriki olan avtomobillərdən daha ucuz başa gəlir. 1,8 və 2,0 litr həcmli mühərriklər özlərini etibarlı və problem yaratmayan mühərrik kimi göstəriblər. Hesab edilir ki, onların zəif yeri kompressordur. Amma mexaniklər iddia edirlər ki, kompressorların xarab olması nadir hallarda və adətən böyük kilometrajdan sonra baş verir. Belə hallarda avtomobil sahibləri, demək olar ki, yeni kompressor almırlar, axı onun qiyməti çox bahadır. Adətən onlar işlənmiş kompressor axtarır, yaxud kompressoru təmir etməyə çalışırlar. Kompressorun mümkün qədər çox xidmət etməsi üçün hava filtrini mümkün qədər tez-tez dəyişmək lazımdır (bu sözlər xüsusən bizim tozlu yollar üçün aktualdır), həmçinin yağı da unutmaq olmaz.

Bütün benzin mühərriklərində qazbölüşdürücü mexanizm zəncirli ötürücüyə malikdir. Əlbəttə, zəncirin daimi olduğunu iddia etmək olmaz, amma onun 200 min kilometr məsafəyə davam gətirdiyini söyləyə bilərik, hərçənd ki, bəzən 4 silindrli aqreqatlarda bu mexanizm bir qədər tez sıradan çıxır. Avtomobil alarkən ustadan xahiş edin ki, drossel qapağının blokuna baxsın. Əslində onu mütəmadi təmizləmək lazımdır, amma avtomobil sahibləri çox vaxt bunu etmirlər. Nəticədə 150 min kilometr məsafədən sonra blok yararsız hala düşə bilər. Elektron sensorlara gəldikdə, onlar kifayət qədər etibarlıdır, hərçənd ki, havanın kütləsi sərfiyyatının sensoru mütəmadi olaraq sıradan çıxır. Ölkəmizdə o, bəzən 80 min kilometr məsafəyə davam gətirə bilir. Əgər bütün bu detalların qiymətləri alıcını qorxudursa, onda onun Mercedes-Benz əvəzinə, başqa model axtarması məsləhətdir, çünki müasir Mercedes-Benz avtomobillərinin istismarının ucuz başa gələcəyini düşünmək sadəlövhlük olardı. Məsələn, adicə yandırma şamlarını dəyişdirilməsi proseduru 6 silindrli mühərriki olan avtomobilin sahibinə 200 dollardan artıq məbləğə başa gələcək (yalnız orijinal platin şamlar almaq lazımdır). Əgər qənaətcillik edib bir müddət avtomobili nasaz şamlarla idarə etməyi qərara alsanız, katalizator və ya lyambda-zond sıradan çıxa bilər.

V6 mühərrikləri üçün əsas təhlükə dirsəkli valın şkivinin (çarxının) sıradan çıxmasıdır. Bu, mühərrikin məhvinə gətirib çıxarır, buna görə də hər dəfə texniki xidmət zamanı dirsəkli valın dempferinin vəziyyətini yoxlayın.

Son Mercedes-Benz avtomobillərinin böyük hissəsi avtomat transmissiyaya malikdir. C-Class avtomobillərinin çoxuna kifayət qədər etibarlı transmissiya quraşdırılsa da, hər halda onlarda problemlər yarana bilər. Mercedes-Benz təmsilçiləri əmin edirlər ki, avtomat transmissiyaya avtomobilin bütün istismar dövrü üçün yetərli olan yağ tökülüb, amma bizim ustaların çoxu hər 60-100 min kilometrdən sonra yağın dəyişdirilməsini məsləhət görürlər. Özü də bu prosedur xeyli əmək tələb edir və ucuz başa gəlmir. Avtomat transmissiyaların ən geniş yayılmış problemi yağın sızmasıdır. Əgər sızma cüzidirsə, buna əhəmiyyət verməmək olar, amma sızma ciddidirsə, onda yaxşısı budur avtomobili təmir etdirəsiniz. Qeyd edək ki, 6 pilləli mexaniki transmissiya avtomat transmissiyadan daha etibarlıdır, bəndləyicinin dəyişdirilməsini isə təxminən 150-180 min kilometrdən sonra həyata keçirmək olar.

Bazarda təkcə arxa ötürücülü deyil, həm də tam ötürücülü C-Class avtomobillərinə rast gəlmək olar, onlar 4Matic adlandırılır. Amma bu cür avtomobillərin mühərrikləri adətən güclü olur ki, bu da onların qiymətinə təsir göstərir. Həmçinin onu da qeyd edək ki, C-Class 4Matic avtomobilləri az istehsal olunub (tam ötürücülü E-Class avtomobilləri daha çoxdur). W203 kuzovlu Mercedes-Benz C-Class avtomobilinin ön asqısı McPherson tiplidir. Mercedes-Benz-in son dərəcə etibarlı avtomobil istehsalçısı imicinə baxmayaraq, C-Class avtomobilinin hərəki hissəsi bizim yollarda çox vaxt təmir tələb edir. Belə ki, hər bir-iki ildən bir və ya 20-40 min kilometrdən bir aşağı rıçaqların saylent-bloklarını dəyişdirməyə ehtiyac yaranır. Eynilə stabilizatorun dayaqlarının da ömrü çox uzun olmur. Amma hər halda hərəki hissəyə ən çox vəsait qoyuluşunu 100 min kilometr məsafədən sonra həyata keçirmək lazımdır. Adətən məhz bu zaman yeni köndələn və uzununa rıçaqlar, amortizatorlar, əyləc diskləri almaq lazım gəlir. Üstəlik, bu zaman çoxrıçaqlı arxa asqıda da problemlər yaranır, belə ki, 100 min kilometrdən sonra amortizatorlar, rıçaqlar və əyləc diskləri sıradan çıxmağa başlayır. Əgər hərəki hissəsini bütünlüklə təzələmək istəsəniz, təxminən 2000 dollar xərciniz çıxacaq, amma burada detallar əsas etibarilə tədricən sıradan çıxır. Buna görə də avtomobil sahibi qeyd edilən məbləği adətən birdən-birə deyil, 1-2 il ərzində ödəyir. Ustalar sıradan çıxmış detalların əvəzlənməsini yubatmamağı məsləhət görürlər: bütün digər müasir avtomobillər kimi C-Class-ın asqısı da onunla fərqlənir ki, bir detalın sıradan çıxması digər detallara da sirayət edir və az sonra onlar da sıradan çıxır.

Böyük kilometrajlı avtomobilə nəzər salarkən sükan reykasına xüsusi diqqət yetirmək lazımdır (C-Class avtomobilini hazırlayarkən Mercedes-Benz mütəxəssisləri vintli (dişli) mexanizmdən imtina etməyi qərara alıblar). Əgər reykada sızma baş versə, onu təmir etmək, çox güman ki, mümkün olmayacaq. Yenisi isə bahadır. Bundan başqa, sükan reykasının bərkidiciləri əvvəlcə, sadəcə olaraq, azacıq sızdığı halda sonradan sızma şiddətlənir və hirdogücləndiricinin bütün mayesi axıb gedir. W203 kuzovlu Mercedes-Benz C-Class avtomobilini alarkən avtomobil həvəskarı, ilk növbədə, imic və status əldə etmiş olur.

Qeyd edək ki, avtomobilin adındakı rəqəmlər güc aqreqatının həcmini dəqiqliklə deyil, təxmini ifadə edir. Məsələn, C280 modelində mühərrikin həcmi 3,0 litr, C240 modelində isə 2,6 litrdir. Təəssüf ki, W203 kuzovlu Mercedes-Benz C-Class avtomobili gözlədiyimiz qədər etibarlı deyil, hərçənd ki, onun həddən artıq problemli olduğunu da iddia etmək olmaz. Bu avtomobilin indiki nəslinin əsas problemi elektronika və asqı ilə əlaqədardır. Buna görə də böyük kilometrajlı bu cür avtomobili alarkən bilməlisiniz ki, ona xeyli vəsait qoyuluşu tələb oluna bilər. Amma digər tərəfdən, kimsə Mercedes-Benz avtomobilinin sahibidirsə, hesab edilir ki, həmin şəxsin yetərincə vəsaiti var, çünki bu avtomobilin qiyməti də həmişə özü kimi sanballı olub. Axı Mercedes-Benz hər şeydən əvvəl prestij deməkdir.


Просмотров: 925 | Добавил: KENT | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Block title
Daf
Вход
Поиск
Календарь
«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Друзья сайта
  • YUKLE.UCOZ.COM
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz