Главная

Регистрация

Вход
AVTO-AZ
Вторник, 07.05.2024, 20:57
Приветствую Вас Гость | RSS
Block title
Меню
Статистика
Счетчики посещений
Главная » 2011 » Январь » 26 » Yeni Mulsanne
14:51
Yeni Mulsanne
Ötən əsrin 20-ci illərində Le-Manda Bentley markalı məşhur yaşıl bolidlərlə heç kim rəqabət apara bilmirdi. Həmin vaxt bu avtomobillər az qala avtomobil istehsalının etalonu sayılırdılar. Yəqin ki, məhz bu səbəbdən onlar Le-Manda 24 saatlıq avtomobil yürüşündə altı dəfə qalib gələ biliblər.

Müasir avtomobil yürüşçülərinin saatda 350 kilometrədək şütüdükləri "Mulsann” (Mulsanne) adlanan uzun düz yola bu ad Bentley Mulsanne modelinin şərəfinə verilib. Bu modelin təqdimatı ilk dəfə 1980-ci ildə keçirilib, bundan sonra o, 1992-ci ilədək buraxılıb.
Avtomobil 6,75 litr həcmə və 300 at gücünə malik turbomühərriklə təchiz olunurdu. Bu mühərrik uzun illər ərzində bu avtomobili seriya ilə buraxılan sedan modelləri arasında ən sürətli avtomobilə çevirmişdi.

Xarici görünüşü


Bu gün, uzun illərdən sonra dünya yeni nəsil Mulsanne avtomobilini gördü. O, Arnage modelini əvəz edəcək. Şirkətin rəhbərliyi etiraf edib ki, yeni modelin hazırlanma layihəsinin təsdiq olunmamaq ehtimalı böyük idi.
Belə ki, Bentley-in hazırkı sahibi olan Volkswagen konserni Bentley Continental Flying Spur sedanının hazırlanmasını daha vacib sayaraq, bu cür bahalı avtomobilin hazırlanmasından imtina etməyi planlaşdırırdı. Amma britaniyalıların irəli sürdüyü çoxsaylı dəlillər nəticəsində Mulsanne modelinin maliyyələşdirilməsinə nail olundu (qeyd edək ki, bu avtomobil ötən ilin avqustunda Pebbl-Biçdə klassik avtomobillərin şousunda nümayiş etdirilib).

Onu da qeyd etmək lazımdır ki, köhnə (qədimi) avtomobillərin nümayiş etdirildiyi Pebbl-Biç sərgisində yenilənmiş Mulsanne olduqca əla görünürdü. Bunun əsas səbəbi o idi ki, köhnə dövrün avtomobillərinin dizaynı ilə Mulsanne modelinin xarici görünüşü arasında oxşar cəhətlər çoxdur.

Şirkətin özündə isə bu avtomobilin uzaq keçmişdə məşhur olmuş 8 Litre sedanı ilə (bu sedan hələ 1930-cu ildə buraxılırdı) müqayisə edilməsi adi hal alıb. Burada söhbət heç də bu iki modelin zahiri oxşarlığından getmir, söhbət ondan gedir ki, Mulsanne bu markanın sedanlarını digər avtomobillər arasında fərqləndirən əzəmətli və monumental üslubda hazırlanıb.

Onun dizaynı kübarsayağı təmkinlik və ekstravaqantlıq cizgiləri arasında əbədi mübahisəni təcəssüm etdirir. Yuxarı qaldırılmış pəncərə xətləri, genişlənmiş "çiyinlər”, damın yoğun arxa dayaqları, habelə 20 düym ölçülü cilalanmış iri disklər avtomobilin əzəməti və daxili gücü barədə təəssüratı daha da artırır. Yeni avtomobilə yan tərəfdən baxdıqda, uzadılmış kapot və kuzovun arxa kənarları diqqəti cəlb edir.

Avtomobilin ön hissəsi həm klassik, həm də müasir cizgiləri özündə cəmləşdirib. Burada ənənəvi xromlanmış radiator barmaqlığı quraşdırılıb, ətrafındakı dörd dairəvi fara (onlar Continental GT modelində quraşdırılmış faralara bənzəyir) onun vizual görüntüsünü xüsusi vurğulayır.

Dizaynerlərin bu addımı kifayət qədər ziddiyyətli təəssürat yaradır, amma bu cür variantlar şirkətin məşhur dizayneri Dik van Brekkelin üslubuna xasdır (yeri gəlmişkən, hər iki modelin dizaynını o hazırlayıb). Bamper kifayət qədər iri havaçəkənlə diqqəti cəlb edir.

Avtomobil ənənəvi olaraq çoxsaylı xrom elementlərlə bəzədilib, istər yan tərəflərdə, istərsə də pəncərə çərçivələrində moldinqləri görmək olar. Yeni avtomobili həmçinin fənərlərin gümüşü haşiyələri, qapı dəstəkləri və boruların oval formalı qurtaracaqları bəzəyir.

Qabaritləri və salonu

Bentley Mulsanne avtomobilinin ölçüləri iridir, o, Arnage modelindən xeyli böyükdür. Onun uzunluğu 5575 mm-dək (185 mm), hündürlüyü 1521 mm-dək (6 mm), təkər bazasının ölçüsü isə 3266 mm-dək (150 mm) artırılıb. Avtomobilin eni isə, əksinə, 1926 mm-dək kiçildilib. Sedanın ölçülərinin böyüməsinə baxmayaraq, konstruktorlar onun çəkisini 30 kq. azaltmağa nail olublar.

Onlar kapotun, ön bamperin və qapıların hazırlanmasında alüminium xəlitəsindən istifadə etmək sayəsində buna nail olublar. Baqaj bölməsinin damına gəldikdə, o, ümumiyyətlə, kompozit materiallardan hazırlanıb. Bununla belə, Mulsanne avtomobilini yüngül çəkili modellər kateqoriyasına aid etmək olmaz, axı onun çəkisi 2586 kq. təşkil edir.

Yığımın keyfiyyəti yüksək səviyyədədir – hətta mütəxəssis də kuzov detallarının birləşdirildiyi yerləri çətin sezə bilər.
Salonun tərtibatı da yüksək səviyyədədir. Burada bütün işlər əllə görülüb və 170 saata yaxın vaxt aparıb. Təkcə sükan çarxının hazırlanması 15 saatlıq gərgin əmək tələb edib, alüminium elementlərin cilalanmasına isə 10 saat sərf olunub.

Salonun tərtibatında işlənmiş materiallara gəldikdə, onların keyfiyyəti olduqca yüksəkdir. Məsələn, burada plastika kimi sintetik materiallara, praktiki olaraq, rast gəlməzsiniz. Salonun dekorasiyasında və üzlüyünün işlənməsində təbii ağaclardan və zərif dəridən istifadə edilib, xalçalar isə qoyun yunundan hazırlanıb.

Doğrudur, bu təmtəraqlı avtomobil, çətin ki, ətraf mühitin mühafizəsi cəmiyyətinin təmsilçilərinin xoşuna gəlsin. Axı bir ədəd Mulsanne avtomobilinin daxili tərtibatına 22 inək dərisi sərf olunur, ağac materialdan hazırlanan səthlərin naxışları isə elə seçilir ki, sağ tərəfdəki naxışlarla sol tərəfdəkilər tamamilə eyni olsun.

Məhz buna görə cihazlar panelinə nəzər salarkən elə təəssürat yaranır ki, o, bütöv ağac parçasından hazırlanıb.

Şkalaları saat əqrəbi istiqamətində yerləşən spidometrin və taxometrin ölçüləri böyükdür və onlar qədimi saat üslubunda hazırlanıb. Onların siferblatları arasında bort kompüterinin displeyi yerləşdirilib, amma bu, cihazlar panelinin xarici görünüşünün yaratdığı ümumi təəssürata heç də xələl gətirmir.

Multimedia sisteminin ekranına gəldikdə, ekranı hazırlayanlar onu hərəkət etdirilə bilən xüsusi ağac təbəqənin altında gizlədiblər.

Soyuducu mayenin temperaturunun və bakda qalan yanacağın miqdarının göstəriciləri (analoq saatları ilə birlikdə) qeyri-standart yerə – mərkəzi panelə çıxarılıb. Onlar klimat-kontrolun və audiosistemin klavişlərindən bir qədər yuxarıda yerləşir.

Kapotun uzunluğunun ucbatından sükan arxasındakı yeri bir qədər hündür etmək lazım gəlib, əks halda sürücünün görmə imkanları məhdud olardı. Kreslolar elektrik mühərriki vasitəsilə idarə olunan tənzimləmə funksiyaları ilə təchiz olunub.

Həmçinin sükan çarxının vəziyyətini də tənzimləmək mümkündür. Oturacaqlar maksimal komfortu təmin edir, lakin yumşaqlıqlarına baxmayaraq, onların kürək hissəsinin profili dərindir. İkinci cərgəyə gəldikdə, orada kresloların əvəzinə geniş dəri divan quraşdırılıb. O, yumşaqlığına və zərifliyinə görə uşaq divanlarını xatırladır.
Sərnişinlərin komfortunu təmin etmək üçün salon qatlanan kiçik masalarla, ventilyasiya, isitmə və masaj funksiyaları ilə təmin edilib. Yeri gəlmişkən, bütün bunlar birinci cərgədə də var. Burada hətta iri gövdəli adam da rahatca yerləşə bilər, istər baş üzərində, istərsə də ayaqlar altında yetərincə yer var.

Təchizatı və texniki xarakteristikaları

Bentley Mulsanne avtomobilinin təchizatı olduqca zəngindir. Onun komplektasiyasına bunlar daxildir: dördzonalı klimat-kontrol, kruiz-kontrol, yağış və işıq sensorları, Bluetooth rabitəsi, açarsız giriş sistemi, 40 Gb yaddaşı olan sərt disklə təchiz olunmuş naviqasiya sistemi, 6 disklik CD-çeyncerlə və 14 dinamiklə təchiz olunmuş audiosistem. Avtomobilin baza təchizatına həmçinin bunlar daxildir: 8 təhlükəsizlik yastığı, ESC stabilizasiya sistemi ("Traction control” funksiyası ilə) və əyləclərin bloklanması əleyhinə ABS sistemi.

Ayrıca ödəniş müqabilində 21 düymlük eksklüziv disklər, arxa sərnişinlər üçün bir neçə monitorla təchiz olunmuş DVD-pleyer, 2200 vatt gücündə "NAIM” audiosistemi, yan və arxa tərəfi göstərən kameralar və adaptiv kruiz-kontrol sifariş etmək olar. Bunlardan başqa, alıcı istəsə, salona fərdi cizgilər əlavə oluna bilər. Buna alüminium elementlər, kuzovun 100 müxtəlif rəngləri, 9 növ müxtəlif dəri tipləri və eyni miqdarda ağac variantları sayəsində nail olunur.

Konstruktorlar mühərrikin həcmini olduğu kimi saxlayıblar – onun həcmi əvvəlkitək 6,75 litr təşkil edir. Amma bu mühərrik uzaq 1960-cı ildə modelin sələfinə quraşdırılan mühərrikdən köklü surətdə fərqlənir. Bu gün bu avtomobilə 505 at gücünə malik yeni V8 mühərriki quraşdırılır. O, iki turbinlə təchiz olunub, mühərrikin fırlanma anı 1 dəqiqdə 1800 dövrə ilə 1020 Nm təşkil edir.

Beləliklə, avtomobil böyük qüvvəyə malikdir. Yeni Mulsanne 100 km/saat sürəti cəmi 5,3 saniyəyə yığır və getdikcə sürətini artırmaqda davam edir. Avtomobilin maksimal sürəti isə 296 km/saat təşkil edir. Burada önəmli məqam ondan ibarətdir ki, maksimal sürətlə hərəkət zamanı avtomobil rəvan və sakit hərəkət edir. 8 pilləli avtomat transmissiya mühərriklə tandem təşkil edir.

Bu transmissiyada bir sürətdən digərinə keçid elə rəvandır ki, hiss olunmur. Transmissiyada ən yuxarı sürətə keçid 110 km/saat sürətlə hərəkət etməyə (1 dəqiqədə 1500 dövrə ilə) imkan verir. Yeni mühərrikdə yanacaq sərfi aşağıdır. Buna silindrlərin söndürülməsinə imkan verən yeni texnologiyadan istifadə sayəsində nail olunub (iş yükü az olduqda onlardan dördü işləmir). Qarışıq tsikldə yanacaq sərfi 100 kilometr məsafəyə 16,9 litr təşkil edir.

Yuxarıda qeyd edilənlərdən bu qənaətə gəlmək olar ki, ölçüləri və çəkisi ilə müqayisədə bu prestijli sedan olduqca cəlddir. Əlbəttə, ondan B-Class hetçbeki kimi manevrlilik gözləmək ağılsızlıq olardı. Amma hər halda yeni Mulsanne kələ-kötür yollarda özünü yaxşı tərəfdən göstərir, xüsusən avtomobilin aktiv pnevmoasqısını "Sport” rejiminə qoysaq, bunu açıq-aydın hiss edə bilərik.

Bu halda komfortun səviyyəsinin aşağı düşəcəyindən qorxmaq lazım deyil, çünki bu belə olmayacaq, kuzovun yana meyllənmələri isə azalacaq. Amma hər halda avtomobilin bütün potensialını üzrə çıxarmaq istəyənlər üçün düz yollar və traslar mövcuddur. Məhz belə hallar üçün avtomobil "Comfort” rejimi ilə təchiz olunub, bu rejimdə avtomobil, sanki, yolda hərəkət etmir, rahatca üzür.

Bazarda Bentley Mulsanne avtomobilini artıq bu yay tapmaq olar. Bu modelin qiyməti kifayət qədər baha olsa da (255 min avro), onun üçün artıq iki il sonraya növbə düzülüb.


Просмотров: 651 | Добавил: KENT | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *:
Block title
Daf
Вход
Поиск
Календарь
«  Январь 2011  »
ПнВтСрЧтПтСбВс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Друзья сайта
  • YUKLE.UCOZ.COM
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Copyright MyCorp © 2024
    Конструктор сайтов - uCoz